Liturgiya oxunuşları: 8 DEKABR. ƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ
Müqəddəs Peter Bazilikasının əməkdaşları 8 dekabr 1854-cü il - Əqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi doqmatının bəyan edilməsi tarixinin xatirəsini nəsildən-nəslə ötürüblər. Papa IX Piyus ucadan (o vaxt mikrofonlar yox idi!) dogmatın mətnini oxuyarkən, səmanı örtən qara buludların arasından bir günəş şüası keçdi və Papanın üzünü işıqlandırdı, Papa isə duyğulanaraq gəhərləndi. Hər il 8 dekabrda aydın səmalı günlərdə günəş şüası yenidən Papanın 1854-cü ildə dayandığı kürsünü işıqlandırır və bu şüaya indi də Pakizə Məryəmin Şüası deyilir (Angelo Komastri). Məryəm pakdır, o, Allahın Oğlu üçün layiqli bir məskən olmaq üçün anasının bətnində dölləndiyi andan etibarən ilkin günahdan qorunub saxlanılıb. Dörd il sonra Müqəddəs Məryəm özü bu dogmatı təsdiqlədi və Lurd şəhərində Bernadettə adını belə açıqladı: "Mən Günahsız Döllənməyəm". Məryəm şeytanın kölgəsinin heç vaxt düşmədiyi yeganə varlıqdır. Məryəm həyatının ilk anından son anına qədər mükəmməl işıq, lütf və müqəddəslikdir. O, Məsihin xidmətləri ilə əvvəlcədən xilas edilmiş yeni bir varlıqdır: "Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!" (Luka 1, 49). Onun köməyi ilə biz də günaha "yox" deyirik və Allaha "bəli" cavabının gözəlliyini anlayırıq.
BİRİNCİ OXUNUŞ Yar 3,9-15
Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən. Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan».
Təfsir
Ananın övladına qarşı missiyası yalnız ona qayğı göstərmək və onu böyütmək deyil, həm də onu təhlükədən qorumaq və həyatını təhdid edən düşmən qüvvələrə müqavimət göstərməkdir. Beləliklə, Əhdi-Ətiqdə "düşmənçilik"dən danışıldıqda (Yaradılış 3,15), xristian Vəhyində Müqəddəs Məryəmlə eyniləşdirilən Qadının rolunu elan edilir. O, Şeytanın təbii düşmənidir, çünki dünyanın Xilaskarı İsa Məsih ondan doğulur. Biz ilkin günahın nəticələrinə görə mənəvi mübarizə atmosferində yaşayırıq, lakin Allahın sözü böyük təsəlli verir: Qadın ilanın başını əzəcək, yəni onu məğlub edəcək. Buna görə də, hər təhlükədə, hər sınaqda, hər zəiflik anında Məryəmə müraciət edə bilərik və etməliyik, çünki qələbə artıq ondadır, onun Pak Qəlbinə. Onun qələbəsi çöldə, bizdən uzaq döyüş meydanlarında deyil, içimizdə, dərinliklərimizdə, Səmavi Ana bizi Pak Qəlbinə çəkəndə baş verir.
İKİNCİ OXUNUŞ Еф 1,3-6.11-12
Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam! Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq. Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.
Təfsir
Həvari Paul bu gün deyir ki, Səmavi Atamız bizi müqəddəs və qüsursuz olaq deyə seçib. Bəs əgər biz daim günah işlədiriksə və zəiflik nümayiş etdiririksə, necə qüsursuz (ləkəsiz) ola bilərik? Allah sanki qeyri-mümkün görünən şeyləri tələb edir. Bugünkü Günahsız Döllənmə Bayramı bu məsələyə cavab verir. Müqəddəs Məryəm bizim kimi Allahın yaratdığıdır, amma bir böyük fərqlə: Onun üzərində ilkin günahın möhürü yoxdur. Ruhumuz Allah tərəfindən yaradıldıqda, o, saf və mükəmməl olur, lakin o, ilkin günah adlanan sirli borcu öz üzərinə götürür; bu, ruhun anamızın bətnində yenicə döllənən bədənimizlə birləşdiyi anda baş verir. Təsəvvür edin ki, saniyənin mində biri keçir: Allah ruhumuzu qar kimi ağ və günahsız yaradır və bir an sonra həmin ruhumuz həyatımızın ilk embrional vəziyyətində ilkin günahı "qəbul edir". Lakin bu ilk, saf anın xatirəsi içimizdə qalır. Çünki dünyada pisliyin sirri olsa da, ondan əvvəl gələn yaxşılığın sirri də var. Allahın Əqdəs Anasında bu yaxşılıq dəyişməz olaraq qalır.
İNCİL Luka 1,26-38
Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Təfsir
Allah insanları kənardan hərəkət edərək, göylərdə qalaraq və Adəmin günahını başqa yol ilə bağışlayaraq xilas edə bilərdi. Allah hər şeyi edə bilər. Lakin O, insan bədənini qəbul edib, insan həyatını yaşamağı (günah istisna olmaqla), hamı ilə bir olmağı və çarmıxdakı qurbanı ilə hamının əvəzini ödəməyi və sonra ölülərdən dirilməyi seçdi. Uşaq olmaqla, Allah Özünü bir insandan, bir qadından nələrisə almalı olduğu bir vəziyyətə qoyur: ondan əvvəlcə bədən, sonra qidalanma, qoruma, sevgi alır. Allah sevgi verir, eyni zamanda sevgi alır. Müqəddəs Məryəm Onu ilk qəbul edən, doğulduğu anda Onu qucaqlayan, İnsan olmuş Allaha kimi Ona səcdə edən ilk insandır. Gəlin bu gün bu sirrə daha da yaxınlaşaq, çünki hamımız günahkar olsaq da, Allahın bu misilsiz hədiyyəsini almışıq: İsanı qucağımıza ala, Onu sevə və Ona Körpəyə kimi səcdə edə və Ona sevgi sözləri deyə bilərik. Kilsə Ataları sonralar deyəcələr ki, "Allah insan oldu ki, biz allahlar kimi olaq". Allah Məryəmin vasitəsilə Bəşər oldu və əbədi olaraq bəşəriyyətə qaldı.