Liturgiya oxunuşları: 23 DEKABR. Adventin IV həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Mal 3,1-4;4,5-6
«Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».
Təfsir
Bu gün oxuduğumuz Malaki peyğəmbərin sözlərinin bir reallıqdan digərinə keçidi təmsil etməsi təsadüfi deyil. Əhdi-Ətiqdə sonuncu olan Malaki kitabı cəmi üç fəsildən ibarətdir və bugünkü hissədə üçüncü fəslin son sözləri sitat gətirilir. Müqəddəs Kitabımızın növbəti səhifəsi İsanın nəsil şəcərəsi və Onun mövludu haqqında hekayə ilə başlayan Matta Müjdəsidir. Sanki Malaki'nin bu sözləri bütün əvvəlki müqəddəs tarixi ehtiva edir və yeni bir tarixin sandığçasını açır. Bu sonluq alovludur: elçi gümüşü yüksək temperaturda əridib təmizləyir. Bu, radikal dönüş çağırışıdır, kursu dəyişdirmək üçün son, ürək parçalayan və əzəmət dolu bir çağırışdır. Köhnə düşüncə tərzindən əl çəkib, Müqəddəs Ruhun yeni şərabını saxlamaq üçün yeni tuluqları hazırlamaq çağırışı. Bütün bunlar bu gün bizə ünvanlanıb. Qoy içimizdəki köhnə, quru odun yansın, öz xəyali salehliyimiz haqqında daşlaşmış düşüncələrimiz yox olsun və Əhdi-Cədidin ilk səhifəsi açılsın. Dünyaya gələn İlahi Körpə bizə Uca Allahın hüzurunun böyük yeniliyini gətirsin.
İNCİL Luka 1,57-66
Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Təfsir
Vəftizçi Yəhyanın mövludu fövqəladə hadisələrlə zəngin idi: bioloji cəhətdən hamilə qalmaq üçün artıq çox yaşlı bir ana; mələklə danışan ata; atanın qəfil danışıq qabiliyyətini itirməsi; və nəhayət, Zəkəriyyə oğlunun Yəhya adını təsdiqləyən kimi möcüzəvi şəkildə danışığının qayıtması. Bu əlamətlər, hər zaman olduğu kimi dəlil və möcüzələr insanlarda ümidi yenidən alovlandırdı - "Bu uşaq kim olacaq?" Bəli, hekayənin başlanğıcı yaxşı idi: insanlar bu mövludu böyük bir hadisə kimi qəbul etdilər və böyük hadisələrin davam edəcəyini gözləyirdilər. Otuz il sonra İsanın vəzi başladı, lakin bildiyimiz kimi, O, lazımi şəkildə qəbul edilmədi (Yəhya 1, 11). Möcüzələr heç vaxt öz-özlüyündə bir məqsəd deyil ki, onlarla kifayətlənəsən, lakin onlar möcüzəvi olmayan şeylərin qəbul edilməsini tələb edir. Ürəklərin iman gətirməsi İlahi lütfdən başqa bizim iradəmizdən də asılıdır. Hətta ölü bir insanın dirildiyini görə bilsəkdə, bu qəlblərimizin tövbə edib iman gətirməsi ilə nəticələnməyədə bilər. Allaha məxsus olmaq üçün müqəddəs bir həyat sürmək niyyətinə ciddi şəkildə sadiq qalmaq lazımdır. Möcüzələr bu məqsədə xidmət edir, Yəhya isə yalnız Məsihə işarə etmək üçün doğulmuşdu.