Axtar

2019.05.15  Visitazione

Liturgiya oxunuşları: 22 DEKABR. Adventin IV həftəsinin bazar ertəsi

“Magnificat” Məryəmin bütün həyatına nur saçır. Sözlər gücsüzdür; bir nəğməyə ehtiyac var, elə bir nəğməyə ki o, nəsildən-nəslə Kilsədə səslənsin. Məryəmin nəğməsi təvazökarların, İncilin Bəxtiyarlıq Əmrlərinə aid insanlarının ümidini gücləndirir. Onlar indiki zamanda görünməz olanı görürlər: taxtdan endirilənləri və yerinə yetirilmiş vədləri. Bu, qeyri-mümkün görünür, amma pisliyə qarşı yaxşılığı qoymaqla görürük ki, çünki Allah üçün mümkün olmayan şey yoxdur” (Papa XIV Leo, Vəz 15.08.2025)

BİRİNCİ OXUNUŞ 1 Pad (1 Şam) 1,24-28

Uşağı süddən ayırandan sonra Xanna onu üç buğa, bir efa un və bir tuluq şərabla birlikdə Rəbbin Şilodakı ibadətgahına apardı. Uşaq isə hələ balaca idi. Buğanı kəsəndən sonra uşağı Eliyə verdilər. Xanna dedi: «Ey ağam, canına and olsun, burada – sənin yanında durub Rəbbə yalvaran qadın mənəm. Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi. Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi.

Təfsir

Xannanın uşağı haqqında dediyi sözlər necə də gözəldir: " Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi. Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır". Müqəddəs Elizabet de la Trinite bir dəfə rəfiqəsinə yazdığı məktubda özünü "Rəbbin qəniməti" adlandırmışdı. Filosof Kierkeqorun isə  Rəbb Allahı “Ovçu” kimi təsvir etdiyi yazıları var. Bütün bu obrazlar Məsih ilə  - doxsan doqquz qoyunu sürüdə qoyub, itmiş qoyunu axtarmaq üçün dağlardan və dərələrdən keçən, onu tapana qədər rahatlığı olmayan Yaxşı Çobanla səsləşir. Biz adətən Allahı dualarda, yalvarışlarda və müraciətlərdə axtardığımızı və ya Onun varlığını təbiəti seyr edərək sezdiyimizi düşünürük. Lakin nadir hallarda Onun bizsiz qalmaq istəmədiyini və yorulmadan bizi axtardığını düşünürük. Lakin bu məntiqlidir: əgər Allah Sevgidirsə və O, insanı bütün qəlbi ilə sevirsə, başqa cür ola bilməz. İsrailin tarixi bir sevgi hərəkəti ilə başlayır: Allah Xannaya çoxdan gözlədiyi, Allahdan istədiyi bir övlad nəsib etdi. Oğlunu Allaha həsr edəcəyinə söz verən qadın (1 Şam 1, 11), onu məbədə gətirir. Xanna əhdinə sadiq qalır və "Rəbbin qəniməti " olan Şamuel İsrailin ilk böyük peyğəmbəri olur.

İNCİL Luka 1, 46-56

Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, ruhum Xilaskarım Allaha görə şadlanır, çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, çünki Qadir Olan mənim üçün böyük işlər etdi, onun adı müqəddəsdir! Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü, ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökmdarları taxtlarından endirdi, məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu, varlıları isə əliboş yola saldı. Rəbb qulu İsrailin imdadına çatdı, ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik mərhəmət göstərməyi yada saldı». Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.

Təfsir 

Məryəmin nəğməsi bizi Milada hazırlayır, çünki o, Allahın Kəlamının təcəssüm etdiyi atmosferi və necə təsir edəcəyini təsvir edir. Burada, insan nailiyyətlərindən, uğurlarından və ya səs-küylü, gözə çarpan əməllərdən bəhs edilmir. Əksinə, Allahın işi qürur təzahürlərimizi aradan qaldırmaq və bizə təvazökarlıq və sadəliklə yaşamağı öyrətmək olacaq. Onun kəlamı ürəyi yeniləməyə, onu qardaş köməyinə, həmrəyliyə və mərhəmətə açmağa xidmət edəcək. Bütün bunlar "başqalarına" (günahkar və pis hesab etməyə öyrəşdiyimiz varlılara, güclülərə, təkəbbürlülərə) deyil, özümüzə aiddir. Çünki zəmin hazırlamasaq, Məsih qəlbimizdə doğulmayacaq. Beləliklə, bu qürurlu insan mənəm; bu özü və pislikləri ilə dolu varlı insan mənəm; bu iradəsini başqalarına yeritmək istəyən güclü insan – o da mənəm. “Magnificat” himnini oxuyaraq, biz Müqəddəs Məryəmin qəlbinə daxil oluruq. Gəlin Məryəmin əlimizdən tutmasına icazə verək: O, bizi nəvazişlə Beytleem mağarasına aparacaq və bu nəğmənin hər sözünü bizdə və bizim üçün yerinə yetirəcək.

22 dekabr 2025, 11:05