Liturgiya oxunuşları: 11 DEKABR. Adventin II həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 41,13-20
Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm. «Ey torpaq qurdu olan Yaqub nəsli, ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir. Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, təpələri saman çöpü kimi sovuracaqsan. Sən onları sovurduqda külək aparacaq, qasırğa onları dağıdacaq, sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən. Məzlumlar və fəqirlər su axtarıb tapmayanda dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm. Çılpaq təpələrdən çaylar, vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm. Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam. Beləcə insanlar görüb bilsin, birgə fikirləşib başa düşsün: bunu edən Rəbbin əlidir, bunu yaradan İsrailin Müqəddəsidir.
Təfsir
Allah İsrailə "torpaq qurdu" deyə müraciət edərkən, onu incitmək istəmir, baxmayaraq ki, bu müqayisə qulaqlarımıza ağır gəlir. Torpaq qurdu Allahın yaratdığı bir varlıqdır və torpağa olduqca faydalıdır, lakin burada o, tam müdafiəsizliyin nümunəsi kimi istifadə olunur. Qurd, ona hücum edildikdə qaça bilmir; onun özünümüdafiə üçün silahı yoxdur. Assizili Müqəddəs Fransisk haqqında məşhur bir hekayə var: o, yolda bir qurd görüb onu götürüb tarlaya qoydu ki, yoldan keçənlər onu tapdalamasınlar. Allah İsrailə, bu da o deməkdir ki, bizə məhz belə yanaşır: O, bizi qoruyur, əlimizdən tutur. O, bizim kiçikliyimizi bilir və bizi böyük işlərə, hətta Yeşayanın dediyi kimi "dağları əzməyə" qadir edir. Biz bu torpaq qurdları kimiyik, amma Allaha olan inamımız və iman gücümüz sayəsində böyük sınaqlarla üzləşə və onların öhdəsindən gələ bilərik.
İNCİL Мatta 11,11-15
Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. Qulağı olan eşitsin!
Təfsir
Vəftizçi Yəhya öz missiyası ilə tamamilə eynidir. O, məsələn, keçmiş əkinçi olan peyğəmbər Amos kimi, qabaqlar bir işlə məşqul olan, sonra isə gələcəyi Allahın adı ilə elan etməyə başlayanlardan deyil. Deyə bilərik ki, Yəhya yalnız İsanı elan etmək üçün doğulmuşdur və o, bunu anasının bətnində olduğu zamandan etməyə başlamışdır. Gənc yaşlarında o, özünü hazırlamaq üçün səhraya çəkildi, məhrumiyyətdə yaşadı, həmişə və yalnız bir şey haqqında düşündü. Nazaretli İsanın Məsih olduğunu hər kəsə elan etmək missiyasını yerinə yetirdikdən sonra o, qırağa çəkilir və bəyan etdiklərinə görə şəhid olur. Yəhyanı "Səmavi Padşahlıqda ən kiçik" adlandırmaqla, Rəbb, Vəftiz və Yevxaristiya vasitəsilə Müqəddəs Ruhu aldıqdan sonra, səhraya çəkilməsək belə, obyektiv olaraq Vəftizçidən "böyük" olduğumuzu açıq şəkildə bildirir. Biz Allahın həyatına şərik olmuşuq. Bəs bizim missiyamız nədir? Müqəddəs olmaq, dünyanın nuru olmaq, yerin duzu olmaq. Qalan hər şey ikinci dərəcəli əhəmiyyət kəsb edir.