Axtar

2021.11.11 San Martino di Tours 

Liturgiya oxunuşları: 11 NOYABR. Turlu müq. Martin, yepiskop

“İsa bizə Allahın qarşısında Onun xidmətçiləri olduğumuzu anlamağa kömək edir; biz Ona münasibətdə borc verən yox, hər zaman borclu olanıq, çünki hər şeyi Ona borcluyuq, hər şey Onun ənamıdır. Biz həyatımızın hər günü, hər dəqiqəsində Onun iradəsini qəbul edib yerinə yetirməliyik” (Papa XVI Benedikt, Palermoda Messa 03.10.2010).

Müqəddəs Martin təxminən 316-cı ildə Macarıstanda bütpərəst ailədə anadan olub. 15 yaşında hərbi xidmətə başlayır və Qalliyaya köçür. Bir gün o, paltarının yarısını sədəqə istəyən bir dilənçiyə verir. Növbəti gecə Məsih bu paltarı geyinərək ona görünür. 18 yaşında Martin vəftiz olunur, hərbi xidmətdən ayrılır və müq. Hilariusun şagirdi olur. Müəlliminin təsiri altında o, Qalliyada ilk monastırı təsis edir. Martin Tur adlı məkanın yepiskopu olur və Marmutyedə ikinci bir monastır qurur. O, yeparxiyasının hələ də bütpərəst qalan sakinlərini dinə gətirmək üçün səylə çalışıb. Yepiskop Martin, 8 noyabr 397-ci ildə missiyadan qayıdarkən vəfat edib və noyabrın 11-də Turda dəfn edilib.

 BİRİNCİ OXUNUŞ Müd 2,23-3,9

Allah insanı ölməzlik üçün yaratmışdı, onu Öz əbədi varlığının surəti etmişdi. Lakkin iblisin paxıllığı dünyaya ölüm gətirdi, onun payına aid olanlar bunun acısını çəkirlər. Ədalətli adamların canı isə Allahın əlindədir, onlara əzab-əziyyət toxunmayacaq. Ağılsızlar belə hesab edirlər: “ədalətli adamlar ölmüş kimi görünürdülər, onların axırının bəxdbəxtlik olduğu güman edilirdi. Bizdən ayrılmaları da heçlik sayılırdı”. Amma onlar sülhdə qalırlar. Çünki insanlar onların cəzalandığını güman etsələr də, onların ölməzliyə böyük ümidlləri var. Onlar azacıq çətinlik görüb, çoxlu iltifat alacaqlar. Çünki Allah onları sınayıb özünə layiq gördü. Allah onları kürədəki qızıl kimi yoxladı, onları yandırma qurbanı kimi qəbul etdi. Onlara əvəz veriləndə onlar küləş üzərində qaçışan qığılcımlar kimi parıldayacaqlar. Millətlərə hökm edib, xalqları idarə edəcəklər. Onların üzərində isə Rəbb əbədi olaraq padşahlıq edəcək. Ona ümid bağlayanlar həqiqəti dərk edəcəklər, sadiq olanlar da Onun məhəbbətində qalacaqlar. Çünki Onun müqəddəsləri lütf və mərhəmətə, Onun seçilmişlərə yaxşılığa nail olacaqlar.  

Təfsir

Süleymanın Müdrikliyi Kitabı ölümün səbəbinə qısa, lakin əsas olan izahat təqdim edir: ölüm dünyaya şeytanın paxıllığı ilə daxil olub. Əgər ölüm xaricdən gəlmişsə, deməli, əvvəldən mövcud deyildi. Ölüm əlavə olunib, o, ikinci dərəcəlidir. Adəm və Həvva ölməməli idilər. Əgər onlar günah etməsəydilər, dünydakı həyatdan sonra onlar, Məryəm Ana kimi, bədənləri və ruhları ilə cənnətə aparılacaqdılar. Onlar məzarı və çürüməni bilməzdilər. Şeytan onların taleyinə paxıllıq edirdi, çünki özü, öz iradəsi ilə Allahın sevgisini və cənnətdəki həyatını əbədi olaraq itirdi. O, Adəm ilə Həvvanı sınağa çəkdi və artıq bildiyimiz faciə baş verdi. Şeytandan və onun bütün əməllərindən imtina etmək, müəyyən mənada, ölümü dəf etməyə imkan verir. Əgər biz Allaha sadiq qalsaq, ölüm bizim üçün yalnız bir keçid olacaq. Müqəddəs Həvari Paul bu barədə belə yazır: “Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.” (1 Kor 15, 54).

İNCİL  Luka 17,7-10

Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».

Təfsir 

İncilin bu parçasını anlamaq çətin görünə bilər və bu belə də olmalıdır, çünki Allahın Kəlamı “ikiağızlı qılıncdan da itidir” (İbr 4, 12) və “qayaları parçalayan gürz” kimidir (Yer 23, 29). Allahın Kəlamının bizi tərbiyə etməsinə və addımlarımızı istiqamətləndirməsinə icazə verməliyik. “Faydasız” olmaq fikri insan üçün dözülməzdir və niyə “faydasız” olduğumuzu anlamaq üçün İncildən başqa bir parçanı xatırlamalıyıq: “İki ağaya qulluq edə bilməzsiniz” (Matta 6, 24). Biz kiməsə məxsusuq: ya Allaha, ya da şeytana. Üçüncü yol yoxdur. Əgər biz Allaha məxsusuqsa, onda əsl sevincimiz Onun üçün çalışmaqda, Onun hüzurunda qalmaqdadır. Onun əmr etdiyini yerinə yetirməklə tam məmnuniyyətimizə nail oluruq. Məsihdə O, bizə Öz sülhünü verir və biz, Onun üçün çalışmaqla Onun qəlbində xüsusi bir yer qazanırıq. Mükafatımız Allahın Özü olacaq. Bu İncili başa düşmək çətindir, amma qeyd etmək lazımdır: Allahın sahəsində səylə çalışanların hamısı - müqəddəslər - xoşbəxt idilər. Xoşbəxtliyimiz, məmnuniyyətimiz, dincliyimiz və daxili harmoniyamız Allaha xidmət etməkdədir.

11 noyabr 2025, 11:36