Axtar

2024.01.17 il buon samaritano

Liturgiya oxunuşları: 6 OKTYABR. Adi Dövrün XXVII həftəsinin bazar ertəsi

“Şəfqət əməli jestlərlə ifadə olunur. Müjdəçi Luka samariyalının hərəkətlərini təsvir edir: o, yaxınlaşır, yaraları yağ və şərabla təmizləyib, bağlayır, yaralı insanı atına mindirir, mehmanxanaya aparır, və geri qayıdacağına söz verir. Bəs biz nə vaxt yolumuzu dayandırıb şəfqət göstərəcəyik? Küçədəki yaralının hər birimizi təmsil etdiyini anlayanda. Qoy İsanın bizə qayğı göstərmək üçün dayandığı bütün anların xatirəsi bizi daha da mərhəmətli etsin” (XIV Leo, Ümumi Audiensiya 28.05.2025).

BİRİNCİ OXUNUŞ Yunus 1,1–2,1.11

Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır». Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi. Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı, dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı. Gəmiçilər qorxuya düşüb hər biri öz allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. 6 Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq». Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü. O zaman Yunusdan soruşdular: «Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?» Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram». Onlar çox qorxdu və dedi: «Sən bunu nə üçün etdin?» Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql etmişdi. Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: «Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?» Yunus onlara dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib». Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki dəniz onlara qarşı get-gedə coşurdu. O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən». Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı. Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi. Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı. Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.

Təfsir

Qarşımızda Allahın əmrinə tabe olmaqdan boyun qaçıran bir peyğəmbərin əhvalatı durur.  Yunusun hekayəsi ilə öz həyatımız arasında paralellik aparmaq olar: Yunus kimi biz də bəzən məsuliyyətimizdən və ya Allahın iradəsindən qaçmağa çalışırıq, çünki Onun sonsuz mərhəmətini qəbul edə bilmirik. Lakin, Rəbb bizim müqavimətimizdən də xeyir çıxarmağı bilir. O, həmişə və hər yerdə bizi doğru yola qaytara bilər. Məzmurda deyildiyi kimi, Allah “canımı ölülər diyarından azad edir”. Bu o deməkdir ki, biz müqavimət göstərsək, gizlənsək və ya qaçsaq belə, Allah bizi həmişə xilas etməyə hazırdır.

İNCİL Luka 10,25-37

Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?» İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».

Təfsir  

Lukanın İncilindən olan bu parça xeyirxah samariyalı haqqında məşhur məsəli təqdim edir. İncil  qanunşünasın İsaya verdiyi sualla başlayır: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?” İsa sadə cavab verir: “Sev!” Qanunşünas özünə bəraət qazandırmaq məqsədilə  “Bəs mənim qonşum kimdir?” deyə soruşanda, İsa birbaşa tərif vermir, lakin diqqəti digər məsələyə yönləndirir. O, qonşunun kim olduğunu izah etmir, əksinə, qonşumuz üçün kim olmalı olduğumuzu göstərir. Bu düşüncə tərzinin əsaslı dəyişilməsidir. Rəbb fellərdən istifadə edərək söhbətin hansı həyat tərzindən  getdiyini açıqlayır: Samariyalı “yolla gedir... görür... ona rəhmi gəlir”.  Fərq budur: qonşu olmaq başqa bir insanı və onun ehtiyacını görmək, onun çətin vəziyyətinə şəfqət göstərmək, ona qayğı göstərmək, yəni ona konkret əməllərlə kömək etmək deməkdir. Qonşu olmaq, başqasına yer vermək üçün komfort zonanızdan çıxmaq deməkdir. Bu, bizdən cəlb olunmağı, imdad fəryadından üz döndərməməyi və ya biganəliyə boyun əyməməyi tələb edir. Nəhayət, İsa bizi O, bizə qarşı davrandığı kimi davranmağa çağırır. Biz Ondan mərhəmət görmüşük və indi O, bizdən bu mərhəməti başqalarına da göstərməyi xahiş edir: “Get və sən də belə et”.

04 oktyabr 2025, 16:39