Liturgiya oxunuşları: 27 OKTYABR. Adi Dövrün XXX həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Rom 8,12-17
Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
Təfsir
Romalılara Məktubdan bu oxunuşda Müqəddəs Paul "cismani təbiət" və "Ruh" arasındakı qarşıdurma haqqında düşüncələrini davam etdirərək, Allahın Ruhu vasitəsilə oğulluğa nail olduğumuzu və şüurlu şəkildə Müqəddəs Ruha uyğun yaşamağı seçməli olduğumuzu vurğulayır. Həvari bizə xatırladır ki, bizim öhdəliklərimiz var, lakin cismani təbiət qarşısında deyil. Allahın övladları kimi yaşamağımıza, Səmavi Ataya, bir uşaq valideyninə müraciət etdiyi kimi, son dərəcə yaxınlıq və etibarla müraciət etməyə imkan verən məhz Müqəddəs Ruhdur. Müqəddəs Ruhun bizə rəhbərlik etməsinə icazə vermək, Allahın övladları kimi yaşamaq üçün unikal bir fürsətdir. Lakin bu, avtomatik olaraq baş vermir: biz bunu seçməli, özümüz qərar verməliyik, "cismani təbiət"in əməllərindən imtina etməyi öyrənməliyik. Paul daim bu mövzuya qayıdır, ürəklərimizin və həyatımızın daim sınaqdan keçirildiyini təsdiqləyir. Bu gün Kilsənin liturgiyasında səslənən Məzmurun sözləri bu mübarizədə bizə kömək edir: "Rəbb Allah bizim xilasımız və gücümüzdür."
İNCİL Luka 13,10-17
İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Təfsir
Şənbə günü şəfa verərək İsa qanuna rəsmi riayət etməklə həqiqi mərhəmət arasındakı fərqi nümayiş etdirir. Şənbə günü sinaqoqda nəsihət verərkən Rəbb on səkkiz ildir ki, xəstəlik ruhundan əziyyət çəkən bir qadın gördü. Bu möcüzəvi şəfa, Şənbə günü baş verdiyi üçün orada olanlar arasında qəzəbə səbəb oldu. Müəllim fəriseylərin ikiüzlülüyünü ifşa edərək soruşur: öküzə və ya eşşəyə su vermək üçün onların bağını açmaq olar, amma qadını xəstəliyindən azad etmək olmaz? Bu sözlərdən sonra "Ona qarşı çıxanlar hamısı utandı". Maraqlı və vacib bir məqam: qadını axtaran və azad edən lütfdür. Bəzən biz elə düşünürük ki, sanki heç kim əzablarımızı görmür və heç kimin bizimlə maraqlanmır. Lakin bugünkü İncil bizə deyir ki, Rəbb İsadan heçnə gizli qalmır: O, bizə, dolğun və gözəl bir həyat sürməyimizə mane olan şeylərdən azad etmək üçün yaxınlaşır. Onun baxışlarını görməli və köməyini qəbul etməliyik, hətta bu, "qaydalardan kənar" görünsə belə - yəni gözlədiyimiz və ya öyrəşdiyimiz şəkildə olmasa belə.