Liturgiya oxunuşları: 17 OKTYABR. Adi Dövrün XXVIII həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Rom 4,1-8
Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır. Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır: «Üsyankarlığı bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan insan nə bəxtiyardır!»
Təfsir
İbrahim, əksini sübut edən bütün dəlillərə baxmayaraq, Allaha tamamilə güvəndiyi və Ona təvəkkül etdiyi üçün iman atası və hər bir imanlı üçün nümunə sayılır. O və arvadı Sara artıq qocalmışdılar və nəyinki səmadakı ulduzlar qədər çoxlu nəsil, hətta bir oğula sahib olmalarını təsəvvür etmək belə çətin idi. Buna baxmayaraq, İbrahim Allaha güvəndi və Onun iradəsinə təslim oldu. Həvari Paul yazır: “İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı”. Belə bir imana bu gün də ehtiyac var. Gələcəyimiz olmadığını hiss etdikdə və ya günah içində yaşayanda və Allahın bizdən üz döndərdiyini söyləyən mənfi bir səs eşitdikdə, İbrahimi xatırlamalıyıq. Xeyr, Allah heç vaxt dostlarından üz döndərməz. O, Yaxşı Çoban kimi itmiş qoyunu axtarır və mərhəmətli Ata kimi bizi gözləyir ki, bizi qucaqlasın və qayıdışımızı bayrama çevirsin. Gəlin dua edək ki, Allah bizə belə bir ümid bəxş etsin və güc versin ki, onu qoruya bilək.
İNCİL Luka 12,1-7
Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq. Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
Təfsir
Fariseyləri məzəmmət etdikdən sonra İsa şagirdlərini dost adlandıraraq ruhlandırır. Rəbb bizə dost kimi yanaşır və bu, Onun sözlərini ürəkdən qəbul etmək üçün ilk addımdır. İsa şagirdlərini əmin edir ki, gizli şəkildə edilən hər şey gec-tez məlum olacaq. Etibarlarını gücləndirmək üçün onları ətraf aləmə baxmağa çağırır: " Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.." Bununla belə, biz təkcə xarici aləmə deyil, həm də öz içimizə, öz qəlbimizə baxmalıyıq. Özümüzə qarşı, qorxularımız, narahatlıqlarımız, şübhələrimiz və utancımızla dürüst olmalıyıq. Həqiqətdən gizlənməyi, maska arxasında gizlənməyi dayandırmalıyıq. Gəlin, İsanın mehriban açıqlığını, sevgisini, qayğısını və mərhəmətini qəbul edək və qoy bu, yeni həyatımızın başlanğıcı olsun.