2019.10.14 Teresa of Avila

Liturgiya oxunuşları: 15 OKTYABR. Müq. Tereza de Avila

“İsa cəmiyyətdə müəllim rolunu oynayan ilahiyyatçıları və fariseyləri məzəmmət edir, çünki onların davranışları başqalarına verdiyi sərt göstərişlərə açıq şəkildə ziddir. İsanın əməlləri isə bunun tam əksidir: hamıya öyrətdiyi məhəbbət əmrini birinci yerinə yetirən O Özüdür və O, bu yükün yüngül və yaxşı olduğunu bəyan edə bilər, çünki O, bizə onu daşımaqda kömək edir” (Papa XVI Benedikt, Rəbbin Mələyi 30.10.2011).

Tereza de Ahumada 16-cı əsrdə İspaniyanın mərkəzində, Avila şəhərində anadan olub. Uşaqlıqdan narahat bir ruha sahib idi və müqəddəslərin həyatına o qədər heyran idi ki, qardaşı Rodriqo ilə birlikdə “mavrların torpağında” şəhid olmaq arzusunda idi. Terezanın ruhu alovlu idi və həmişə Allahı axtarırdı. Böyüdükcə, Tereza ağılı və gözəlliyi ilə ətrafda olan insanları valeh edirdi. Lakin dünya ləzzətləri onun Allaha olan susuzluğunu yatıra bilmədi. Anasının ölümündən sonra qız Avqustin kollecinə göndərildi və onun çağırışı məhz orada yetişməyə başladı. Atasının etirazlarına baxmayaraq, 20 yaşında o, Mücəssəmə Karmelitlərin monastırına daxil olmaq üçün evdən qaçır. 39 yaşında Tereza xüsusi ruhani təcrübə yaşayır. Sonradan o, bu təcrübəni "çevrilmə" adlandıracaq.  Bir neçə ruhani ustadlarının rəhbərliyi altında o, sürətlə mükəmməlliyə doğru irəliləyir. Monastırda xidmət edərkən Tereza, sonradan onun adını daşıyacaq bir islahat düşünüb həyata keçirdi. Rahibə, dərin “seyr-etmə” ruhaniliyi ilə Karmelit Ordeninin islahatı naminə fəallığı birləşdirə bildi. Müqəddəs Xuan de la Kruz-un köməyi ilə o, islahatı ordenin kişi qoluna qədər genişləndirdi. Avilalı Tereza 1582-ci ildə Alba de Tormesdə, katibəsi olan rahibənin qucağında vəfat etdi. Onun təlimləri əvəzsizdir: "Qoy heç nə səni narahat etməsin, heç nə səni qorxutmasın, hər şey keçir, yalnız Allah dəyişməzdir". Həmçinin: “Allahı olanın heç nəyə ehtiyacı yoxdur: Tək Allah kifayət edər”.

BİRİNCİ OXUNUŞ Rom 2,1-11

Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən. Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır. Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən? Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir? Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan; 6 Allah hər kəsə əməlinə görə əvəzini verəcək: dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, 8 özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı, yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək. Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.

Təfsir

Bu hissədə Həvari Paul  mühakimə mövzusuna toxunur. O, başqalarını mühakimə edən şəxsə müraciət edir və açıq şəkildə bildirir ki, biz çox vaxt özümüzü başqalarını mühakimə etmək hüququna malik olan “saleh” hesab edirik. Bunu etməklə biz hamımızın “eyni gəmidə” olduğumuzu, yəni qeyri-kamil olduğumuzu unuduruq. Əhəmiyyətli fərq ondan ibarətdir ki, biz “sərt və inadkar ürəklə” mühakimə edirik, Allah isə sevgi ilə və sevgi naminə hərəkət edir. Biz tez-tez günahkarın tövbəsi üçün hər hansı fürsəti boğmağa çalışırıq, lakin Allah hər bir ürəyə ümid səpir. Gəlin liturgiyanın bizi duaya dəvət etdiyi sözləri qəbul edək və yalnız Rəbb İsanın həqiqi hakim olduğunu anlayaq. Mühakimə yalnız Ona həvalə edilməlidir.

İNCİL Luka 11, 42-46

Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz. Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız». Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən». sa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.

Təfsir  

Fariseylərin ikiüzlülüyünü ifşa etməyə davam edərək İsa “onda bir” ianəsinin özünü pisləmir. İsa, fariseyləri xırda qaydalara ciddi riayət etdiklərinə, lakin ən vacib olan - sevgiyə və ədalətə məhəl qoymadıqlarına görə tənqid edir. Fariseylər sözdə bir şeyi təbliğ edirlər, amma əməlləri sözləri ilə düz gəlmir. Sözlərimiz və əməllərimiz  yalnız İsada kök saldıqda həqiqi məna qazanır. Əgər biz Onun Kəlamına riayət etsək və yerinə yetirsək, Ona bizi formalaşdırmağa imkan versək, onda həyatımız bütöv, ahəngdar və həqiqi olur.

15 oktyabr 2025, 12:17