Axtar

2020.12.05 Profeta Giona

Liturgiya oxunuşları: 13 OKTYABR. Adi Dövrün XXVIII həftəsinin bazar ertəsi

“Bir çox xristianlar öz əməlləri ilə xilas olacaqlarına inanırlar. Əməllər zəruridir, lakin onlar bizi xilas edən sevginin nəticəsi, bu sevgiyə verilən cavabdır. Bu mərhəmətli məhəbbət olmasa, əməllər faydasızdır, çünki “Yunus sindromundan” əziyyət çəkənlər ancaq öz salehliyinə, öz əməllərinə arxalanırlar” (Papa Fransisk, Müqəddəs Marta Evinin aibadətgahında Messa 14.10.2013).

BİRİNCİ OXUNUŞ Rom 1, 1-7

İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!

Təfsir

Bir neçə həftə bizi müşayiət edəcək Həvari Paulun Romalılara Məktubunu oxumağa başlayırıq. Paul bir neçə sözlə özünü təqdim edir: “İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Paul”. Onun şəxsiyyətini başa düşmək üçün “qul” sözü açardır: o, özünü başqalarından üstün saymır, təvazökarlıqla özünü qulluqçu adlandırır. O, “seçilmiş” sözü ilə onun xidmətinin onun şəxsi seçimi olmadığını, Allahın lütfünün bir hədiyyəsi olduğunu vurğulayır. Sonra o, İncilin özündən, “ cismən Davud nəslindən” olan İsadan danışır və bununla da Allahın Öz vədinə sadiqliyini nümayiş etdirir. Paul “Romada yaşayan, Allahın sevdiklərinə” müraciət edərək onlara lütf və sülh arzulayır. Lütf (yunanca “xaire”) sevinc və xoş niyyəti bildirən salamdır. Sülh (İbranicə “şalom”) rifah, razılıq, firavanlıq və harmoniya arzusudur. Bütün bu sözlər onun mesajının mahiyyətini əks etdirir. Gəlin dua edək ki, İsanın gətirdiyi və Paulun bəyan etdiyi yenilik bizim də ürəklərimizə toxunsun, onları lütf və sülhlə doldursun.

İNCİL Luka 11,2 9-32

Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.

Təfsir  

Rəbb Yerusəlimə səyahətini davam etdirir. Keçən şənbə günü İncil oxunuşunda İsa Allahın Kəlamını eşidən və ona əməl edənləri mübarək adlandırdı. Bu gün O, Ondan möcüzə tələb edən camaat qarşısında danışır və Öz nəslini “pis” adlandırır: onlar əlamət axtarırlar, lakin onlara ancaq “Yunusun əlaməti” veriləcək. Bu, İsanın fövqəltəbii əlamətlərə qarşı olduğunu ifadə etmir, əksinə, ən mühüm əlamətin Özü olduğunu göstərir. O, Özünü Əhdi-Ətiqin böyük şəxsiyyətləri ilə, xüsusən də Süleymanla müqayisə edir, çünki insanlar Səba məlikəsi Süleymanın yanına gəldiyi kimi Onun yanına gəlirlər, lakin onlar Onda “Süleymandan daha böyük olanı” tanımırlar. Rəbb Özünü Yunus peyğəmbərlə müqayisə edir, çünki Ninevalılar Yunusun sadə vəzini eşitdikdən sonra ona inandılar və iman gətirdilər. İsa deyir ki, “Yunusdan böyük olan” buradadır, lakin Onu qəbul etmirlər. Rəbb İsa Məsih Səmavi Atanın əsas əlamətidir. O, həyatımızda, Sirrli Ayinlərdə, rastlaşdığımız insanlarda mövcuddur. Bununla belə, biz də sırf zahiri əlamətlər axtarmağa risk edirik, ən böyük xeyir-dua olan İsanın bizə artıq verildiyini unuduruq. Gəlin Onunla canlı görüş axtaraq!

 

13 oktyabr 2025, 09:30