1995.09.09 Papa Giovanni Paolo II in visita pastorale a Loreto

Liturgiya oxunuşları: 22 OKTYABR. Müq. II İoann Pavel, papa

“Həyatımız Allahın əlindədir, lakin Rəbbin bizə məhəbbətlə qayğı göstərməsi bizə tənbəl olmaq haqqını vermir: əksinə, biz ayıq və hərəkətə hazır olmalıyıq, çünki sevmək başqalarına qarşı diqqətli olmaq deməkdir” (Papa Fransisk, Rəbbin Mələyi 07.08.2022).

Karol Voytılanın (II İoann Pavelin) anasının hamiləliyi onun həyatı üçün təhlükə yaradırdı və həkimlər ona abort etdirməyi məsləhət görürdü, lakin o, qəti şəkildə bu təklifi rədd etdi. Karol Voytılanın doğulduğu anda anası mamaçadan pəncərəni açmağı xahiş etdi ki, yeni doğulmuş körpə yaxınlıqdakı kilsədə səslənən Məryəm Anaya həsr olunmuş ilahiləri eşitsin. Karolun bütün həyatı Mübarək Məryəmin nuru ilə işıqlandırıldı. 1978-ci ildə Müqəddəs Peter taxtına yüksəldikdən sonra o, öz papalıq şüarı üçün "Totus tuus" ("Bütünlüklə Səninəm") ifadəsini seçdi və bu sözlər onun həyatının proqramına çevrildi. Papa II İoann Pavel üçün iki müqəddəs var idi ki, onun üçün Məryəm Anaya ehtiramın nümunəsi idilər: Lui-Mari Qrinyon de Monfor və Maksimilian Maria Kolbe. Məryəm Anaya sevgisini və ehtiramını papa II İoann Pavel “Redemptoris Mater” (“Xilaskarın Anası”) ensiklikasında ifadə edib. Onun gün ərzində tez-tez oxuduğu Müqəddəs Rozariy duasına olan dərin sədaqəti  isə “Rosarium Virginis Mariae” (“Bakirə Məryəmin Rozarisi”) həvari məktubunda çox gözəl əks olunub. Biz onun Məryəm Ana ziyarətgahlarına saysız-hesabsız səfərlərini xatırlayırıq; artlq çox zəifləmiş Papa Voytılanın Lurd şəhərindəki Məryəm ziyarətgahı qarşısında dayanması unudulmazdır.  O, Ana ilə Səmada görüşməzdən əvvəl Onunla yer üzündə vidalaşmaq istəyirdi.

BİRİNCİ OXUNUŞ Rom 6,12-18

Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin. Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla! Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz. Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz. Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.

Təfsir

Bu oxunuşda Həvari Paul günahdan azad həyata çağırır və vurğulayır ki, həqiqi qurtuluş Məsihə itaət etməklə əldə edilir. Xilasın Məsih vasitəsilə gəldiyinə (dünənki liturgik oxunuşlardan) əsaslanaraq, Paul davam edir: “qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz...özünüzü ölülər arasından dirilənlər kimi ... lütf altında... Allaha təslim edin”. “Lütf altında” yaşamaq həqiqi azad həyatın yeganə şərtidir. Bu azadlıq başqaları ilə düzgün münasibətlərdə də ifadə olunur. Azad olmaq istədiyinizi etmək demək deyil. Əksinə, qəlbinizi getməli olduğu yerə yönəltmək və bir-birinizə xidmət etməyə çalışmaq deməkdir. Paul tək Məsihin “qulları” olmağa çağırır, çünki Rəbb bizim həqiqi azadlığımıza inanan yeganə şəxsdir.  Nizamsız istəklərin arxasınca qaçmaq və ya dünyəvi şeylərə bağlılıq köləliyə aparır. Lakin Paul vurğulayır: biz azad olunmuşuq ki, azad qala bilək!

İNCİL Luka 12,39-48

Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək». Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq. Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək.  Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.

Təfsir  

Rəbb ağılsız idarəçi məsəli ilə Onun qayıdışı ərəfəsində sayıqlığa, sadiqliyə və məsuliyyətə çağırır. Hazırlıq mövzusunu davam etdirərək Məsih şagirdlərinə deyir: " evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək". Bu təhdid deyil, bir xatırlamadır: Allahın gəlişini öncədən bilmək mümkün olmayacaq. Ona görə də Məsihin İkinci Gəlişi yorulmaz sayıqlıq, diqqət və dərin sədaqət tələb edir. Bunu aydınlaşdırmaq üçün Rəbb ağılsız idarəçi məsəlini danışır. O, ağasının yoxluğundan istifadə edərək insanları istismar etməyə, imkanlardan da sui-istifadə etməyə başlayır. Həyat, sağlamlıq, alınan xeyir-dualar, təqdim olunan imkanlar - bütün bunlar yer üzündəki məhdud zaman üçün verilən hədiyyələrdir. Bununla belə, sonda insan ona verilən ənamlara görə və istər lütflə, istərsə də cismən, sevgi və ya eqoizm üzündən törədilən əməllərinə görə hesab verməli olacaq. Bunu daim xatırlamaq bizə məsuliyyətli və ehtiyatlı insan olmağa kömək edir.

21 oktyabr 2025, 21:53