Axtar

2020.06.18 Vangelo del giorno Padre nostro Gesu insegna discepoli

Liturgiya oxunuşları: 24 SENTYABR. Adi Dövrün XXV həftəsinin çərşənbəsi

“Heç bir xristian Müjdəni “özbaşına” elan etmir, ancaq Məsihin Özündən mandat almış Kilsə tərəfindən göndərilmiş kimi bunu edir. Vəftiz bizi missionerə çevirir. Müjdəni elan etmək, İsanı bəyan etmək ehtiyacını hiss etməyən vəftiz olunmuş insan yaxşı məsihçi ola bilməz” (Fransisk, Rəbbin Mələyi 15.07.2018).

BİRİNCİ OXUNUŞ Ezra 9, 5-9

Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstü oturub əllərimi Allahım Rəbbə açıb belə dua etdim: Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb. Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq. İndi isə bizə Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı. Müqəddəs məkanında bizə möhkəm bir yer verdi ki, gözümüzə nur versin, bizi köləlikdən qurtarıb bir az həyata qovuşdursun. Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.

Təfsir

Kahin Ezra duada xalqının günahlarına görə utandığını bildirir, lakin Allahın mərhəmətinə ümid bəsləyir. O, deyir: “Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb”. Bir kahin kimi Ezra başqalarını günahlandırmır, bütün insanların günahlarına görə məsuliyyəti üzərinə götürür. O, özünü günahkar hiss etməklə kifayətlənmir; əksinə, tövbə edərək Allaha üz tutur. O, ümidini itirmir, başını qaldırıb baxır və görür ki, Allah Öz xalqını tərk etməyib. Onun ağrı və utancla dolu duası şükürə çevrilir. O, etiraf edir ki, xalqa “Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı.” Allah onları tərk etmədi, əksinə onları Fars padşahlarına "xoş" etdi ki, onlar Rəbbin evinin tikilməsinə icazə versinlər. İsrail xalqının təcrübəsi ilə öz həyatımız arasında müqaisə aparmaq olar. Allah hər zaman təsəlli verməyə hazırdır, lakin biz Onun varlığını dərk etmək üçün “gözlərimizi qaldırmağa” hazır olmalıyıq. Bu, aldığımız Müqəddəs Sirrlər, bir dostun köməyi,  və ya digər hadisələr vasitəsilə baş verə bilər.  

İNCİL Luka  9,1-6

İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar.

Təfsir  

İncildən olan bu hissə İsanın on iki həvarini çağırmasını və onları Öz missiyasına cəlb etməsini təsvir edir. İsa onlara "bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi".  Onları göndərdi ki, Allahın Padşahlığını vəz etsinlər.  “Getmək, vəz etmək, şəfa vermək”: bunlar On İkinin missiyasının hərəkət etdiyi üç istiqamətdir. Konkret mərhəmət əməlləri ilə ifadə olunmayan təbliğat kifayət etməz. İmandan ilham almayan təkcə mərhəmət də kifayət deyil. Ehtiyacı olanlara bir tikə çörək vermədən Müjdəni təbliğ etmək kifayət deyil. Lakin onlara Məsihin əbədi həyatın Çörəyi olduğunu bəyan etmədən bir tikə çörək vermək də kifayət deyil. Hər şey bir-birinə bağlı olmalıdır. Ən əsası Məsihə sadiq qalmaqdır. “Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul götürün.” Bu radikal yanaşma Allahın lütfünün kölgədə qalmaması üçün zəruridir, Göndərənə tam etibarın sübutudur. Bizim vəzifəmiz nəyəsə məcbur etmək deyil, bizi Çağıranın sevincinə başqalarını şərik etməkdir . Dünyəvi şeylərin arxasınca getməyin, daim ən yaxşı vasitə və strategiyaları axtarmağın nə mənası var, əgər bu “vasitələrimiz” İncilin sevincini özündə əridirsə?

23 sentyabr 2025, 12:59